146
logo

“Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir

  • Çərşənbə axşamı 21 Dekabr 2021



Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində Qubadlı rayonu N.Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbi tərəfindən həyata keçirilən “Sosial inklüziya ilə cəmiyyətə inteqrasiya” layihəsinin icrası davam edir.

Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən olan, xüsusi qayğıya ehtiyacı olan, yaxud da, müxtəlif sosial səbəblərdən problemlərlə üzləşən uşaq və yeniyetmələr arasında xüsusi bacarıqların inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

 

Ötən ay başlamış 4 qrupda ümumilikdə 60 məktəbli üçün keçirilən xüsusi dərnəklər başa çatmışdır. Dərnəyə həm icraçı məktəbin, həm də yaxın icmalardan olan digər məktəblərdən dinləyicilər cəlb edildi. Xüsusi dərnəklərdə məktəblilərə taxtada iş, muncuqlardan formalar, şüşə üzərində işləmələr, toxuma, daş üzərində rəsmlər və s. öyrədildi.

 

Layihə çərçivəsində dekabrın ikinci yarısından başlayaraq növbəti ayın ortasına qədər art terapiya kursları təşkil ediləcək. Kurslara 15 nəfərdən ibarət 1 qrupun cəlb edilməsi nəzərdə tutulmuşdur. Layihə komandası tərəfindən sosiallaşmağa ehtiyacı olan uşaq və yeniyetmələr sırasında formalaşacaq qrupda art terapiyadan istifadə olunacaq.

 

Növbəti il dərnəklərdə (həmçinin art terapiya kurslarında) iştirak etmiş şəxsləri həvəsləndirmək, onların cəmiyyətə inteqrasiyalarına yardım etmək məqsədi ilə bu fəaliyyətlər zamanı düzəldilmiş əl işlərinin sərgisinin təşkili nəzərdə tutulub. Kurslar zamanı hazırlanmış əl işlərindən ibarət sərgiyə dəvət edilən müxtəlif qonaqlara oradakı işlərin müəllifləri ilə tanışlıq, onların gələcək fəaliyyətlərinə dəstək olmağa yardım etmək nəzərdə tutulub.

 

Geniş ictimaiyyətin məlumatlandırılması məqsədilə layihənin yekun mərhələsində “Dəyirmi masa”nın keçirilməsi də planlaşdırılır.

 

Qeyd edək ki, layihə gələn ilin martında yekunlaşacaq.